Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

  Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir. Rayonun mərkəzi olan Ağsu şəhəri isə 1967-ci ilə qədər şəhər tipli qəsəbə, həmin ildə isə şəhər statusu almışdır. Qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.

  Ərazisi 1020 kvadrat kilometr, əhalisi 79232 (01 yanvar 2018-ci il tarixə)  nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 79 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 31 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayir, Padar, Ərəbuşağı və Qaraqoyunludur.

  Əhalinin ümumi sayının 50,2 %-ni kişilər, 49,8 %-ni qadınlar təşkil edir. Əhalinin 99,0 %-i azərbaycanlılardan, 1,1 %-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 27,5 %-i şəhərdə, 72,5 %-i kənd yerlərində yaşayır. Rayonda 1795 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.

  Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır.

 Rayonun ərazisindən 2 çay-Girdiman, Ağsuçay və onların qolları - Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.

 Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 76,0 %-ni və ya 77854 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,6 %-ni və ya 36247 hektarını əkin yeri təşkil edir.

  Rayonda 69 ümumtəhsil məktəbi, 2 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 2 xəstəxana - rayon Mərkəzi xəstəxanası və Kalva kənd sahə xəstəxanası, 15 həkim və 19 tibb məntəqəsində əhaliyə səhiyyə xidməti göstərir.

   Rayonda Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, şəhər mədəniyyət evi, rayon mədəniyyət mərkəzi, 2-si diyarşünaslıq, 1-i folklor, 1-i isə sənətkarliq evi olmaqla 6 kənd mədəniyyət evi, 11 kənd klubu və 32  kitabxana fəaliyyət göstərir. Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Parkı və Heydər Əliyev Seyrəngahı salınmış, şəhər mədəniyyət və istirahət parkı əsaslı təmir olunmuşdur.

  3000 yerlik Ağsu şəhər stadionu tikilib istifadəyə verilmişdir. 
  Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

   Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.
   Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 17 ictimai-siyasi təşkilatın (o cümlədən 4 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatı rayonun ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvə kimi çıxış edir. Öz sıralarında 5488 nəfəri birləşdirən YAP-ın özək təşkilatları Ağsuda 1993-cü ilin əvvəllərindən yaradılmağa başlamışdır. Təsis konfransı 1993-cü ilin noyabr ayında keçirilmişdir.

Keçidlər