Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət olunur

10 aprel 2020 | 11:00

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət Ağsu rayonunda da ciddi şəkildə həyata keçirilir.
  Bu məqsədlə Ağsu RİH-nin təşkilatçılığı ilə evdən çıxmaları məhdudlaşdırılmış, yaşı 65-dən yuxarı, tənha yaşayan şəxslərə, həmçinin mövcud vəziyyətlə əlaqədar sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onlarla maarifləndirici söhbət aparılaraq, şəxsi gigiyena və sosial təcridolma qaydalarına əməl etməyin vacibliyi bir daha vurğulanıb.
  Dövlət tərəfindən koronovirus infeksiyasının ölkədə geniş yayılmasının qarışısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərdən razılıqlarını ifadə edən sakinlər bu həssas dövrdə vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Ağsu şəhərinin küçə və meydanları təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, bir sıra yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, inzibati binalarda, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, dayanacaqlarda dezinfeksiya işləri davam etdirilib.
  Eyni zamanda, yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilib. Sakinlərdən məsuliyyətli olmaları, özlərinin və ailə üzvlərinin sağlamlıqlarının qorunması naminə evdə qalmaları və xüsusi karantin rejiminin qaydalarına uyğun davranmaları tələb olunub.
  Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin rejiminin tələblərinin pozulması halları da olub. Aprelin 9-da Ağsu rayon Polis Şöbəsi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində daha 16 nəfər cərimə edilib.

 

Keçidlər