Şriftin ölçüsü :

Saytın rəngi :

Tur-aksiyada iştirak edən Ağsu məktəbliləri cənub bölgəsinə yola düşmüşlər

15 mart 2018 | 11:00

Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup martın 15-də səhər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Lənkərana yola salınıb. Dörd gün davam edəcək səfər zamanı məktəblilər Lənkəran, Masallı, Astara rayonlarında olacaq, bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə tanış olacaq, həmyaşıdları ilə görüşəcək, mənalı istirahət edəcəklər.
   Lənkərana yola düşməzdən bir gün əvvəl məktəblilər Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində rayon rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri ilə tur-aksiya iştirakçılarının görüşü olub. Mərkəzdə onlara Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
  Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən maarifləndirici tur-aksiyaların gözəl ənənəyə çevrildiyini qeyd edib. O, məktəblilərə Azərbaycanın bölgələri barədə zəngin biliklər almağı tövsiyə edərək deyib: “Gərək vətənini yaxşı tanıyasan ki, vətənpərvər olasan”.
  Rayon polis şöbəsinin rəisi, polis polkovnik–leytenantı Fəxrəddin Abbasov tur-aksiya iştirakçılarına təhlükəsizliklə bağlı tövsiyələrini verib.
Çıxış edən valideynlər, eləcə də məktəblilər bu gözəl təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Azadə Cəfərova deyib: “Doğma Azərbaycanımız, onun əksər bölgələri barədə məlumatım az deyil. Bu tur-aksiya sayəsində bilgilərimiz daha da genişlənəcək. Dörd günlük səfər zamanı gəzib görəcəyim Lənkəran, Masallı və Astara rayonlarına ilk dəfədir ki, gedirəm. Bu yerlərlə, adət-ənənələrlə, maddi-mədəni abidələrlə yaxından tanış olacaq, yeni dostlar qazanacağıq. Bizi qarşıda çox maraqlı səfər gözləyir. Gedəcəyimiz rayonlarda Heydər Əliyev Mərkəzinə, Bayraq meydanına, gənclər mərkəzinə ekskursiya edəcək, Lənkəranda çay plantasiyaları və sitrus bağlarında olacağıq. “Qoşa Qala” qapılarına, Həzi Aslanovun ev-muzeyinə, dairəvi qalaya, mayak binasına, Masallıda Viləşçay su anbarına, Astarada “Yanar Bulağa” gedəcək, Astara çay fabriki ilə tanış olacağıq.
  Bütün bunlara, biz yeniyetmələrə göstərdiyi diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
  Sonra Heydər parkında geniş konsert proqramı təqdim olunub.

Keçidlər