Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda “dəyirmi masa” təşkil olunub

20 fevral 2018 | 11:00

Fevralın 20-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda “dəyirmi masa” keçirilib.
   Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
   “Dəyirmi masa”da rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva çıxış edərək, ana dilimizin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb, dövlət-dil siyasətindən danışıb.
   AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda çıxış edib. S.Əliyeva 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi sahəsində önəmindən danışıb. Şöbə müdiri bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə ana dilimizin inkişafı və qorunması istiqamətində mühüm addımlar atıb. Sevinc Əliyeva Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamının və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu vurğulayıb.
   “Dəyirmi masa”da Ağsu rayon Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, şəhər 1 saylı tam orta məktəb-liseyin müəllimi Ziyafət Qurbanova dilimizin dövlət statuslu dillər arasında olmasından, ölkəmizdə ana dilinin hərtərəfli inkişafından, beynəlxalq münasibətlər sisteminə yol tapmasından, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn siyasətindən danışıblar.
   Sonda Ağsu rayon ümumtəhsil məktəbləri arasında keçirilən “Ana dilim - Azərbaycan” şeir müsabiqəsinin qalibləri olan şagirdlərə diplom və hədiyyələr verilib.

Keçidlər