Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri keçirilib

25 yanvar 2018 | 11:00

Ağsu rayonunda miqrasiya sahəsində hüquqi maarifləndirmə tədbiri təşkil olunub. Tədbir çərçivəsində vətəndaşlara səyyar xidmət də göstərilib.
  Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində Ağsuda inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə üzvləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri və ictimaiyyət nümayəndələri, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.
  Əvvəlcə rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov çıxış edərək, iştirakçılara maarifləndirmə tədbirinin məqsədi barədə məlumat verib.
  Sonra Ağsu regional miqrasiya idarəsinin məsul əməkdaşları Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə söz açıb, ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydalarını ətraflı şərh ediblər.
  Tədbirdə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları ilə bağlı videoslaydlar vasitəsilə ətraflı məlumat verilib.
  Qeyd edilib ki, həm ölkəmizdəki sabitlik və inkişaf, həm respublikamızın əsrarəngiz təbiəti, həm də miqrasiya məsələləri ilə bağlı həyata keçirilən siyasət Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Buna görə də xarici turistlər istirahət üçün Azərbaycanı seçirlər. Turizmin inkişafı isə ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirilib və artıq Azərbaycana gəlmək üçün viza almaq istəyən şəxsə “ASAN viza” sistemi vasitəsilə 3 saat ərzində elektron viza verilir. Miqrasiya orqanlarının əməkdaşları da çalışırlar ki, ölkəmizə təşrif buyuran əcnəbilərin miqrasiya ilə bağlı məsələləri operativ şəkildə həll edilsin.
  Mövzu ilə bağlı Xidmət tərəfindən hazırlanan bukletlər iştirakçılara təqdim olunub, suallar cavablandırılıb.
  Sonda 5 nəfərə müvəqqəti yaşama və 1 nəfərə daimi yaşama icazələrinin verilməsi, həmçinin 2 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahıları verilib. Bundan əlavə, 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə arayış təqdim olunub.
 

Keçidlər