Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Milli Qəhrəmanın anım günü keçirilib

17 yanvar 2018 | 11:00

Ağsuda Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun anım günü keçirilib. Anım günündə rayon icra hakimiyyətinin, polis şöbəsinin, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın yaxınları iştirak ediblər. Mərasim iştirakçıları Milli Qəhrəmanın Rəhimli kəndindəki məzarını və büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Bildirilib ki, yaşasaydı bu gün 42 yaşı tamam olacaqdı. Lakin ömrünün ən qaynar çağında, 19 yaşında 13-17 mart 1995-ci ildə yeni yaranmış müstəqil dövlətçiliyimizə qarşı qara əllərini uzadan vətən xainləri ilə döyüşlərdə qəhrəmancasına həlak oldu. Şəhidin nəşi ata-baba yurdu olan Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
      Tədbirdə qəhrəmanın həyat və döyüş yolunu əks etdirən sənədli filim nümayiş olundu. Şagirdlər milli qəhrəmanlarımıza və torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşən, bu yolda canlarından keçən şəhidlərimizə həsr olunan şerlər söylədilər. Rayon icra hakimiyyəti başçısının birinci müavini  Rasim Novruzov  milli qəhrəmanın həyat və döyüş fəaliyyətinin bu günki gənclərə bir örnək olduğunu bildirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik-leytenant Nizami Heybətov çıxışında belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıdığını xüsusi vurğuladı. Qəhrəmanın qardaşı Ziya Ramazanov qardaşının timsalında bütün şəhidlərimiz və milli qəhrəmanlarımıza göstərilən qayğı və diqqətə görə ölkə başçısına dərin minnətdarlığını bildirdi.
     Rayon mədəniyyət sarayı milli qəhrəmanın adını daşıyır. Doğulduğu Rəhimli kənd icra nümayəndəliyi inzibati binasının qarşısında qəhrəmanın büstü qoyulub.

Keçidlər