Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

17 oktyabr 2017 | 11:00

Ağsu rayonunda cari  ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.    Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bölgənin sosial-iqtisadi həyatına verdiyi töhfələrdən danışıb, kənd təsərrüfatının digər sahələrində də uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıblar.
  Aqrar sektorda aparılan islahatlar kənd təsərrüfatı rayonu olan Ağsuda iqtisadiyyatın bu mühüm sahəsinin sürətli inkişafına imkan yaradıb. Vaxtilə ənənəvi sahə olan, sonradan demək olar ki, unudulan bir sıra sahələrin, o cümlədən baramaçılığın, pambıqçılığın yenidən dirçəldilməsi rayonun iqtisadi həyatında böyük canlanmaya səbəb olub. Təkcə cari ildə 14 kənd inzibati ərazi dairəsi üzrə 54 ailə 2660 qram ipəkqurdu toxumundan 5491 kiloqram məhsul əldə edərək “Şəki İpək” ASC-yə satıb.
  Bu il rayonda ötən ildəkindən 2,3 dəfə çox - 2500 hektar sahədə pambıq yetişdirilib və indiyədək qəbul məntəqələrinə 1239,5 ton məhsul təhvil verilib. Hazırda yığım davam edir.
  Bildirilib ki, 33 min 322,4 hektar sahədən 79 min 930 ton taxıl istehsal olunub, habelə heyvandarlıqda bütün göstəricilər üzrə dinamik inkişaf təmin edilib. Aqrar sektorda müasir texnologiyanın tətbiqi də xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, “Süsən Aqro” MMC 935 hektar taxıl sahəsinin hər hektarından 47,3 sentner məhsul götürüb. Rayonda müasir texnologiyalar əsasında 5 hektarda istixana kompleksi istifadəyə verilib və hazırda 6 hektar ərazidə yeni istixana tikilir. Aqrar sektorun digər sahələrində də bir çox uğurlar əldə olunub.
  Qeyd edilib ki, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 127 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Doqquz ayda 1734 yeni iş yeri açılıb ki, bunların da hamısı daimidir.
Hesabat yığıncağında tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində görülən işlər ətraflı təhlil olunub. Əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı istiqamətində görülən işlər diqqətə çatdırılıb, habelə qarşıda duran həllivacib məsələlərdən danışılıb.

Keçidlər