Şriftin ölçüsü :

Saytın rəngi :

Pambığın qəbul məntəqəsinə təhvil verilməsinə başlanılmışdır

06 sentyabr 2017 | 11:00

Ağsu rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımı kampaniyasına başlanılıb və sentyabrın 6-da ilk lafet karvanı məntəqələrə yola salınıb.
   Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 32 ədəd pambıq dolu lafet göndərilib. Bundan 22 -si Ucar MKT–yə, 10-u isə Ağsu Kənd Təsərrüfatı MMC-nin qəbul məntəqəsinə yola salınıb.
   Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Ucar MKT-nin direktoru Şaban Səmədov çıxış edərək bölgələrdən ənənəvi sahələrinin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.
  İcra başçısı cari ildə rayonda 2500 hektarda pambıq yetişdirildiyini bildirib. Əkin sahələrinin 1610 hektarı Ucar MKT, 890 hektarı isə Ağsu Kənd Təsərrüfatı MMC-yə təhvil veriləcək. Bununla bağlı müvafiq olaraq 100 və 60 nəfərlə müqavilə bağlanılıb. Rayonun Ərəbmehdibəy, Bozavand, Rəhimli, Kəndoba, Çaparlı və bir sıra digər inzibati ərazi dairələrində daha çox “Ağ qızıl” yetişdirilib.
   Məhsul  yığımına 650 nəfərədək rayon sakini cəlb olunub. İndiyədək 130 ton pambıq yığılıb. Məhsul toplanışı kampaniyası sürətlə davam edir.
   Şəhərin M.Ə.Rəsulzadə küçəsindən yola salınan lafet karvanı rayon musiqiçilərinin ifasında şən mahnı sədaları ilə müşayiət olunub.

Keçidlər