Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonun bir qrup fəal qadını ilə görüşüb

29 avqust 2017 | 11:00

 Aiilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova    avqustun 29-da Ağsu rayonunda vətəndaşların qəbulu  başa çatdıqdan sonra rayonun bir qrup fəal qadını ilə görüşüb. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.

 Qeyd edilib ki, xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın xidmətləri əvəzsizdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə komitə sədri, nazir müavini, rektor və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri vardır.

  Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən söhbət açaraq bölgələrdə ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün yaradılmış şəraitdən,  görülmüş işlərdən danışıb. O, komitə tərəfindən müvafiq dövlət proqramının uğurla  icra edildiyini, məişət zorakılığı üzrə problemlərin araşdırılması məqsədilə məlumat bankı yaradıldığını da diqqətə çatdırıb.

    Görüşdə  rayonda baş verən erkən nikah halları, məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb. 
  H.Hüseynova rayonun ictimai-siyasi həyatında mühüm nailiyyətlərin əldə edilməsində Ağsu qadınlarının da böyük əməyinin olduğunu bildirib. Qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsini və cəmiyyətdə fəal mövqe tutmasını yüksək qiymətləndirib.
     Tədbirin sonunda Komitə sədri rayon qadınlarına  fəaliyyətlərində  uğurlar və müvəffəqiyyətlər arzulayıb.

Keçidlər