Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlanılıb

23 iyun 2016 | 11:00

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı təmir-tikinti işlərinə başlanılıb.
  Uzunluğu 29 kilometr, eni isə 5-6 metr olan yol ötən əsrin 50-60-cı illərində salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür.
Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq.
  Hazırda yol boyu torpaq işləri həyata keçirilir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılır.
  Torpaq işləri bitdikdən sonra yolun yüksək keyfiyyətli asfalt-beton örtüklə asfaltlanması işlərinə başlanılacaq. İkiqat olmaqla yolun 170 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.
  Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Keçidlər