Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Seçki Məcəlləsi (çıxarış)

 

AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİ

(ÇIXARIŞ)

 

Birinci fəsil

ƏSAS ANLAYIŞLAR VƏ PRİNSİPLƏR

 

Maddə 11. Seçkiqabağı (referendumqabağı) təşviqat hüququ

11.1. Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşlar, siyasi partiyalar, referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.

11.2. Vətəndaşların, siyasi partiyaların, referendum üzrə təşviqat qruplarının qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə (referendumda) iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır.

11.3. Dövlət qeydə alınmış namizədin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 74-86-cı maddələrinə uyğun olaraq seçkiqabağı (referendumqabağı) təşviqat aparılması üçün kütləvi informasiya vasitələrindən bərabər istifadə şərtlərini müəyyənləşdirir.

Maddə 11-1. Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi 

11-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

11-1.2. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

On üçüncü fəsil

SEÇKİQABAĞI (REFERENDUMQABAĞI) TƏŞVİQAT

 

Maddə 86. Kütləvi tədbirlər yolu ilə seçkiqabağı təşviqatın aparılması şərtləri

86.1. Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.

86.2. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır.

86.3. Seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq, bina) qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.

86.4. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün, mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə əsasında icarəyə götürmək hüququna malikdirlər.

86.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq təşviqat məqsədləri üçün istifadə edilə bilməz.

86.6. Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına bərabər şərait və həmin görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.

86.7. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictimai asayişi qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.

Keçidlər