Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş konfrans keçirilib
20 noyabr 2024-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyəti və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkilatın inzibati binasında Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis edilməsinin 31 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli, Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev partiyanın və rayon təşkilatının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verirlər. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha genişlənir və bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.
Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.
Digər çıxışlarda qeyd edilib ki, YAP-ın tarixi davamlı uğurlarla zəngindir. Bu uğurların əsasında dövlətə, xalqa xidmət dayanır. Xalqın partiyaya inamının və etimadının göstəricilərindən biri ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmasıdır. YAP qələbələr partiyası kimi tanınır və nüfuz qazanır. Partiya qarşıdakı dövrdə tarixini daha möhtəşəm uğurlarla zənginləşdirəcək.
Sonra YAP Ağsu rayon təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiyaya yeni üzv qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.