Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Ağsu rayonunda vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov iyunun 5-də Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və Ağsu RİH-nin başçısı Rövşən Bağırov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə gül dəstəsi düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda 6 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.







