Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinə sədr seçilib
30 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb. Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə rayon icra başçısının I müavini Füzuli Kərimli, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak edib.
Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli tədbiri giriş nitqi açaraq ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə çıxış edən polkovnik İmran Əhmədov gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə toxunub, bu məsələdə veteranların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən sədr müavini, dövlətin şəhid ailələri və veteranlara olan qayğısına diqqət çəkib, veteranların hər zaman olduğu kimi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin veteran üzvləri Əli Hüseynov, Cəmalləddin Zeynalov, Vaqif Nəzərov, İslam Bəhrəmov, Əmrulla Kərimov çıxış ediblər.
Tədbirdə Nadirov Şakir Bəxtiyar oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib. Polkovnik İmran Əhmədov Şakir Nadirovu Rayon Veteranlar Təşkilatının sədri seçilməsi münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.







