Martın 17-də Ağsu rayonunda Novruz bayramı münasibətilə şənlik və konsert təşkil edilib
Azərbaycan xalqının ən əziz bayram olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib. Martın 17-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə, təşkilat və müəssisələrinin kollektivləri bayramsayağı bəzədilən Heydər Parkına gəliblər.
Ağsu şəhərindəki Heydər Parkında gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, adət-ənənələrin, geyimlərinin sərgiləri, rayon idmançılarının, nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb və ənənəvi Novruz tonqalı yandırılıb.
Rayon Mədəniyyət evində davam edən bayram tədbirində Ağsu RİH-nin başçısı Rövşən Bağırov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə rayon sakinlərini tədbik edib, onlara möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib.
RİH başçısı Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər il bayram günü xalqımıza bayram təbriki ünvanladığını, bayram şənliklərində iştirak etdiyini və onlarla öz sevincini paylaşdığını vurğulayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını və bu bayramın beynəlxalq səviyyəli tədbirə çevrildiyini qeyd edib.
Sonra Rayon Mədəniyyət evinin konsert səhnəsində bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
Bayram tədbirinin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş bir qrup rayon sakinlərinə RİH-nin Fəxri Fərmanları təqdim olunub.







