Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili” çərçivəsində YAP Ağsu rayon təşkilatının partiya veteranları ilə görüş keçirilib

05 dekabr 2025 | 17:04

     “Konstitusiya və Suverenlik ili” çərçivəsində 05 dekabr 2025-ci il tarixində Ağsu Rayon İcra Hakimiyyəti və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə “Deluxe” restoranında YAP Ağsu rayon təşkilatının partiya veteranları ilə görüş keçirilib.

     Görüşdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev və partiya veteranları iştirak ediblər.

    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tarix boyu cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olan ağsaqqallarımızın Azərbaycan dövlətçiliyinin çətin günlərində  insanlara  doğru yolu göstərdiyini, 1993-cü ilin təlatümlü günlərində də Ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyətinin məhz ağsaqqallar olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu Öndər həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi.

    YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev çıxış edərək bildirib ki,  hazırda bu gözəl ənənə bu gün də layiqincə yaşadılır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə Ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Ölkə başçısı respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür, daim onların arzu və istəkləri ilə maraqlanır.

     Tədbirdə çıxış edən partiya veteranları Əli Hüseynov, Vaqif Nəzərov, Tahir Xasi, Əli İbişov və Rəhilə Musayeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını vurğulamışlar.

     Sonda YAP Ağsu rayon təşkilatının fəaliyyətində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya veteranları Fəxri Fərmanlarla təltif ediliblər.

Keçidlər