“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş konfrans keçirilib
12 noyabr 2025-ci il tarixdə YAP Ağsu rayon təşkilatının inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiyamız və Suverenliyimiz - dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda konfrans keçirilib.
Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Rayon rəhbəri ölkəmizdə hüquq siyasətinin və qanunvericilik bazasının yaradılmasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin müstəqil qanunvericilik bazamızda əks olunduğunu bildirib. RİH başçısı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfər nəticəsində hüquqları pozulmuş, doğma torpaqlarından didərgin düşmüş, 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın hüquqlarının bərpasına şərait yarandığını diqqətə çatdırıb.
Konfransda digər çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Natiqlər Ümummilli Lider Heydər Əliyevin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu konsepsiyası, məhkəmə-hüquq və ədliyyə sahəsində həyata keçirdiyi geniş həcmli islahatlar haqqında ətraflı danışıblar.
Xüsusilə vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən əzəli Azərbaycan torpağları 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.







