“Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Toplantıda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyatından və misilsiz fəaliyyətindən geniş məlumatlar verib. Qeyd edib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Tarix yazan və yaradan Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi səlnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir. Xüsusilə vurğulayıb ki, 2023-cü il “Heydər Əliyev İli” xalqımızın tarixinə öz əlamətdarlığı və möhtəşəmliyi ilə, eyni zamanda qazanılmış uğurlar və qalibiyyətlərlə qızıl hərflərlə əbədi həkk olundu. Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasəti və qətiyyəti sayəsində Azərbaycanın tam suverenliyi bərpa olundu. Xalqımız fəxarət dolu qürurverici anlar yaşamaqla qalibiyyət təntənəsinə şahidlik etdi.
Sonda “Heydər Əliyev İli” çərçivəsində Ağsu rayonunda keçirilmiş tədbirlərin, yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.