Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
30 mart 2023-cü il tarixdə Ağsu şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, İqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Milli Məclisin deputatı Tahir Kərimli, Bakı Biznes Universitetinin kafedra müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Mahir Səbzəliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, Azərbaycan Dövlət İqtisad Universitetin prorektoru, iqtisad elmləri namizədi, dosent Şaiq Əsgərov, Xarici İşlər Nazirliyinin şöbə müdiri, I dərəcəli dövlət müşaviri Mətin Mirzə, Xalq artisti, şəhid atası Əli Nuruzadə, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirə dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Mədəniyyət evində təşkil olunan tədbir öncəsi Dövlət himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır.
RİH başçısı qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi. Ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında Azərbaycançılıq məfkurəsi ön plana çəkilmişdir.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi kursundan, onun həyat və yaradıcılığından, Azərbaycançılıq məfkurəsindən geniş bəhs ediblər. Bildiriblər ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır. Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.