Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsi anılıb

09 aprel 2022 | 09:13

  Ağsu rayonunun Bico kəndində Aprel döyüşlərində şəhid olan Fərəczadə Toğrul Habil oğlunun xatirəsi anılıb. Tədbirdə rayon rəhbərliyi, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər. Əvvəlcə Toğrul Fərəczadənin məzarı ziyarət olunub və önünə gül-çiçək dəstələri düzülüb.  
  Anım tədbirində çıxış edənlər şəhid Toğrul Fərəczadənin keçdiyi qısa, lakin şərəfli həyat yolundan danışıblar. Vurğulanıb ki, 1993-cü il noyabrın 10-da dünyaya gələn Toğrul Fərəczadə Aprel döyüşlərində Ermənistanın işğalçı qüvvələrinə qarşı mərdliklə vuruşub. Təəssüf ki, döyüş tapşırığını yerinə yetirərkən 2016-cı il aprelin 4-də şəhid olub. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.
  Mərasimdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi qələbədən danışıb, bu qələbə ilə həm də Toğrul Fərəczadə kimi şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
  Sonra iştirakçılar şəhidin doğulub boya-başa çatdığı evə gediblər. Burada Toğrul Fərəczadənin xatirəsinə yaradılan muzeyə baxış keçirilib və tədbir iştirakçılarına müzeydəki fotolar, əşyalar barədə ətraflı məlumat verilib.

Keçidlər