Ağsu rayonunun Rəhimli kəndində Milli Qəhrəman Əliyev Yusif Əlyusif oğlunun xatirəsi anılıb
14 sentyabr 2022-ci il tarixdə I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyev Yusif Əlyusif oğlunun xatirə günü qeyd edilib. Əvvəlcə şəhidin Ağsu rayonunun Rəhimli kəndindəki məzarı və büstü ziyarət olunub. Şəhidin ruhuna dualar oxunmuş, məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Ağsu rayon şöbəsinin, YAP Ağsu rayon təşkilatının nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Daha sonra Rəhimli kənd tam orta məktəbində təşkil olunmuş mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müvaini Sevil Mirzəliyeva çıxış edərək bildirib ki, son illərdə dövlət tərəfindən davamlı olaraq ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış və torpaqlarımız işğaldan azad edilmişdir.
Vurğulanıb ki, Milli Qəhrəman Yusif Əliyev 1991-ci ilin fevralında Goranboyda ilk döyüş əməliyyatına qatılıb. Silahlı erməni dəstələri Goranboyun Buzluq, Mənəşli, Erkəc kəndlərinə hücumu zamanı onların qarşısının alınmasında iştirak edib. 1991-ci ilin sentyabrın 14-də düşmən Buzluq kəndinə hücuma keçir. Bu zaman Əliyev Yusif Buzluğa sursat çatdırmağa gedərkən qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əlyusif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Şəhidin ailəsi və yaxınları şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildiriblər.