Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Çaparlı kəndində Vətən müharibəsi şəhidi Ramin Hüseynovun doğum günü qeyd olunub

07 sentyabr 2022 | 09:32

     06 sentyabr 2022-ci il tarixdə şəhid gizir Ramin Hüseynovun doğum günü Ağsu rayonunun Çaparlı kəndində qeyd olunub. Tədbirdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, YAP Ağsu rayon təşkilatının məsul nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

    Mərasim iştirakçıları şəhid Ramin Hüseynovun məzarı üstünə əklil və çiçəklər qoyub, ruhuna dualar oxunub. Ağsu RİH başçısının muavini Sevil Mirzəliyeva çıxış edərək şəhidin şərəfli ömür yolundan danışıb, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edib, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulayıb.

     Cıxış edənlər bildiriblər ki, Ramin Hüseynov 1993-cü ilin sentyabrında Çaparlı kəndində dünyaya gəlib. 2002-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Binəqədi qəsəbəsindəki 284 saylı tam orta məktəbi qurtarıb. 2014-cü ildə gizirlik kursunu bitirib, N saylı hərbi hissədə qulluq edib. 2016-cı il aprel döyüşlərindəki xidmətinə görə fəxri fərman alıb. Vətən müharıbəsi başlayanda gizir R.Hüseynov də döyüşlərə qatılıb. 2020-ci il oktyabrın 8-də cəbhənin Füzuli rayonu istiqamətindəki döyüşlərdə şəhid olub. Ailəsinin istəyi ilə Çaparlı kənd qəbiristanlığında dəfn olunub.

     Ramin Hüseynov ölümündən sonra Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

     Tədbirin sonunda şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər