Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda YAP-ın təsis edilməsinin 30-cu ildönümü qeyd olunub

15 noyabr 2022 | 19:15

     Noyabrın 15-də Ağsu şəhər Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon “Qəhrəmanlar Kompleks”ini ziyarət ediblər.

     Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

     Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixinin ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayıldığını, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət, eyni zamanda gənc dövlətimizin gələcək taleyi üçün dönüş nöqtəsi olduğunu və Partiyanın yarandığı gündən etibarən şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.  

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

     YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəlməsindən, partiyanın keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə edir.

     YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasətinin sədri Tahir Rzayev xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak etməsindən, xalqın sevgisini və dəstəyini qazanmasından və ölkəmizdəki sabitliyin təminatındakı avanqard rolundan bəhs edib. Qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

     Tədbirdə partiya veteranı Əli Hüseynov, şəhid Vüqar Quliyevin anası Könül Quliyeva, Veteranlar Cəmiyyətinin sədri Cəmaləddin Zeynalov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Allahverdi Qənbərov şərəfli inkişaf yolu keçən partiyanın müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd ediblər.

     Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri, İkinci Qarabağ müharibəsi iştirakçılarına isə “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.

Keçidlər