Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Xocalı ailələri ilə görüş keçirilib

26 fevral 2026 | 15:59

     26 fevral 2026-cı il tarixdə Ağsu şəhər Veteranlar klubunda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı rayonda müvəqqəti məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib.

     Tədbirdə Ağsu RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının birinci müavini Füzuli Kərimli, rayonda müvəqqəti məskunlaşmış Xocalı ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

     Tədbir həlak olmuş Xocalı sakinlərinin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

     Görüşdə Ağsu RİH başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb. Bildirib ki, düşmənin yürütdüyü işğalçılıq siyasətinə baxmayaraq xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Qeyd edib ki, bunun bariz nümunəsi olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal altında qalmış ərazilərimizi, eləcə də Xocalını düşməndən azad etdi.

     Görüş zamanı digər çıxış edənlər Xocalı soyqırımının erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Qeyd olunub ki, artıq işğaldan azad olunmuş bütün ərazilərlə yanaşı, Xocalı rayonunda da Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq geniş bərpa-quruculuq prosesləri həyata keçirilir. Böyük Qayıdış proqramının icrasına uyğun olaraq 600-ə yaxın Xocalı ailəsinin öz əzəli torpaqlarına geri qayıtdığı diqqətə çatdırılıb. Əldə olunan tarixi Qələbənin milli birliyimizin, güclü siyasi iradənin və ordumuzun rəşadətinin bariz nümunəsi olduğu vurğulanıb.

     Tədbirdə Ağsu rayonunda məskunlaşmış Xocalı sakinləri çıxış edərək təşkil olunmuş görüşə görə təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.

     Görüşdən sonra Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ülgüc kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.

Keçidlər