Ağsu rayonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib
Ağsu şəhər Veteranlar klubunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı rayonda müvəqqəti məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib.
Tədbirdə RİH başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdırıb və bu soyqırımın Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Bildirib ki, Xocalı soyqırımı təsadüfi hadisə deyil. Xocalı soyqırımını törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin, hiyləgər düşmən məqsədinə çata bilməyib. Törədilən soyqırımının əsl mahiyyətinin Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığını, Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər qeyd ediblər ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı soyqırımı yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı soyqırımının erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, düşmənin yürütdüyü işğalçılıq siyasətinə baxmayaraq xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Bunun bariz nümunəsi olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Xocalını, eləcə də işğal altında qalmış digər ərazilərimizi düşməndən azad etdi.
Görüş zamanı Ağsu rayonunda məskunlaşmış Xocalı sakinləri çıxış edərək təşkil olunmuş görüşə görə təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.
Fevralın 26-da saat 17:00-da rayon ərazisində piyada və avtomobillərin hərəkəti dayandırılaraq avtonəqliyyat vasitələrindən səs siqnalları verilməklə Xocalı soyqırımında həlak olanların, o cümlədən Vətən uğrunda şəhid olmuş bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.