Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Xocalı ailələri ilə görüş keçirilib

26 fevral 2024 | 17:20

     Rayon Heydər Əliyev Mərkəzində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda müvəqqəti məskunlaşmış Xocalı ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş görüş keçirilib.

     Tədbirdə RİH başçısı Rövşən Bağırov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıya hücumu zamanı yüzlərlə günahsız insanın, o cümlədən uşaqların, qocaların, qadınların qətlə yetirildiyini, əsir götürüldüyünü və əsirlərə görünməmiş işgəncələrin verildiyini diqqətə çatdırıb və bu soyqırımın Azərbaycan tarixinin qanlı səhifələrindən olduğunu vurğulayıb. Bildirib ki, Xocalı soyqırımı təsadüfi hadisə deyil. Xocalı soyqırımını törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin, hiyləgər düşmən məqsədinə çata bilməyib. Törədilən soyqırımının əsl mahiyyətinin Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra açıldığını, Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırıb.

     Digər çıxış edənlər qeyd ediblər ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı soyqırımı yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı soyqırımının erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Diqqətə çatdırıblar ki, düşmənin yürütdüyü işğalçılıq siyasətinə baxmayaraq xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Bunun bariz nümunəsi olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdi.

     Fevralın 26-da saat 17:00-da rayon ərazisində piyada və avtomobillərin hərəkəti dayandırılaraq avtonəqliyyat vasitələrindən səs siqnalları verilməklə Xocalı soyqırımında həlak olanların, o cümlədən Vətən uğrunda şəhid olmuş bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər