Ağsu rayonunda Xalq artisti Mikayıl Mirzənin 75 illiyi qeyd olunub
İyulun 7-də Ağsu rayonunda Xalq artisti Mikayıl Mirzənin 75 illiyi təntənəli surətdə qeyd edilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirdə rayon rəsmiləri, Milli Məclisin deputatı Tahir Kərimli, Mikayıl Mirzənin sənət dostu, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq artisti Əli Nur, sənətsevərlər, gənclər iştirak ediblər.
Rayon mədəniyyət mərkəzində AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xəqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aparıcılığı ilə keçirilən tədbirdə öncə Mikayıl Mirzənin sənət yolunu, sənətkarlıq həyatının önəmli anlarını əks etdirən fotolar izlənilib. Sonra aparıcı sənətkarın ömür yolunun qısa tarixçəsini təqdim edib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev, Milli Məclisin deputatı Tahir Kərimli, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və başqaları çıxış ediblər. Çıxışlarda Mikayil Mirzə ilə bağlı xatirələr söylənilib, böyük sənətkarın sənət uğurlarından danışılıb, yaratdığı obrazların gözəlliyi, təbiiliyi vurğulanıb.
Sonra Sabir Hüseynovun ifasında “Qarabağ şikəstəsi” səsləndirilib, Mətin Mirzənin müəllifi olduğu “Ağsu“ şeirinin klipi nümayiş etdirilib. ”Qalx ayağa, Azərbaycan!” şeirinin lent yazısı, “Aydın” tamaşasının son epizodu, “Sizi qınamıram, ay xocalılılar” şeirinin lent yazısı iştirakçilar tərəfindən böyük maraqla, sürəkli alqışlarla qarşılanıb, tədbirə xüsusi ahəng verib.
Daha sonra M.Mirzənin oğlu Mətin Mirzə çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, atası barədə xatirələrini danışıb. Sonda Mətin Mirzənin “Lider” filmi nümayiş etdirilib.