Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

10 may 2024 | 15:43

     10 may 2024-cü il tarixdə Ağsu rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Ağsu rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib. Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

     Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. YAP Ağsu rayon təşkilatının inzibati binasında təşkil olunan rəsmi yığıncaq öncəsi Dövlət himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Dünya dövlətləri sırasında Ulu Öndərin özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.

     RİH başçısı qeyd edib ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi  və torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.

     Digər çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev xatirəsi xalqımızın qəlbində var olacaq və daim hörmətlə anılacaqdır.

Keçidlər