Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib

11 may 2023 | 09:39

     10 may 2023-cü il tarixdə Ağsu rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, respublikanın mədəniyyət və incəsənət nümayəndələri, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

     Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Ağsu şəhər Mədəniyyət evində təşkil olunan rəsmi yığıncaq öncəsi Dövlət himni səsləndirilib.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov məruzəsində bildirib ki, möhtərəm  Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Dünya dövlətləri sırasında Ulu öndərin özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət də bizim xoşbəxt və firavan gələcəyimizi layiqincə təmin edir.

     Məruzədə qeyd olunub ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi  və torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.

     RİH başçısı qeyd edib ki, Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev xatirəsi xalqımızın qəlbində var olacaq və daim hörmətlə anılacaqdır.

      Rəsmi yığıncağın sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

    Axşam saatlarında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda respublikanın mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı nümayiş olunub. Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq təşkil edilib.

Keçidlər