Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar rəsmi yığıncaq keçirilib və konsert təşkil edilib
08 may 2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” mövzusunda rəsmi yığıncaq keçirilib və konsert proqramı təşkil edilib.
Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Ağsu rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında təşkil olunan yığıncaqda rayon məktəblilərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası dinlənilib, sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulu bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olduğunu vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən bəhs edib. Rayon rəhbəri çıxışında qeyd edib ki, Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanda şəhərsalma və memarlığın inkişafına verilən yüksək dəyərin göstəricisidir.
RİH başçısı qeyd edib ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi, torpaqlarımız 30 illik işğaldan sonra azad edildi və respublikamızın suverenliyi bərpa olundu. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyasının bu gün də Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin görüldüyünü diqqətə çatdırıblar.
Yığıncaqda Ağsu rayonunun Bico kəndindən olan Aprel şəhidi Toğrul Fərəczadənin təltif edildiyi “Vətən uğrunda” medalı şəhidin valideynlərinə təqdim olunub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilmiş “Ən yaxşı təqdimat” respublika müsabiqəsinin qalibi olmuş Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin şagirdi Xədicə Məmmədova RİH tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq rayon Mədəniyyət evində konsert proqramı təşkil edilib. Burada musiqi kollektivlərinin Azərbaycanı, Ümummilli Lider Heydər Əliyevi və Vətən sevgisini vəsf edən rəngarəng ifaları konsert iştirakçılarına mənəvi zövq verməklə bərabər onlarda bu müsiqilərə qarşı xüsusi diqqət və maraq yaradıb.







