Ağsu rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar abidəsi ziyarət edilib və “Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda yığıncaq keçirilib
10 may 2025-ci il tarixdə Ağsu rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ümummilli Liderin abidəsinin ziyarət edilib və Ağsu rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Ağsu rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında təşkil olunan yığıncaqda rayon məktəblilərinin ifasında Ulu Öndərə həsr olunmuş şeir kompazisiyası dinlənilib, sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik cəmiyyətin formalaşdırılması və ilk Konstitusiyanın qəbulu bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, 1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquqi və dünyəvi dövlətin qurulmasına şərait yaradıb.
Rayon rəhbəri çıxışında qeyd edib ki, müstəqil Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyini nəzərə alaraq Prezident cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi hüquqi dövlət quruculuğuna və suverenliyimizin möhkəmləndirilməsinə verilən yüksək dəyərin göstəricisidir.
RİH başçısı qeyd edib ki, Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi, torpaqlarımız 30 illik işğaldan sonra azad edildi və respublikamızın suverenliyi bərpa olundu. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar.