Ağsu rayonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla əlaqədar toplantı keçirilib
Ağsu rayon Təhsil sektorunun binasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla əlaqədar toplantı keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup fəal qadınlar iştirak ediblər.
Tədbirdə iştirak edən Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev keçmiş sovetlər vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra da gender məsələlərinə böyük diqqət ayırıb. Vurğulayıb ki, əsası Ümummilli Liderimizin təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayını ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri kimi xarakterizə etmək olar. Bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında fəal iştirakının əsası qoyulub. Bu gün artıq qadınlarımız ölkəmizin hər yerində olduğu kimi Ağsu rayonunda da ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilib.
Sevil Mirzəliyeva və digər çıxış edənlər qadınların rastlaşdıqları aktual problemlərdən, şagirdlərin təhsildən yayınma hallarından, valideyn-məktəb münasibətlərindən, mövcud məişət problemləri, erkən nikah, məişət zorakılığı, boşanma, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı mövzularından danışıblar. Mövzular ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib. Toplantıda Azərbaycan Qadınlarının VI Qurultayına nümayəndələr seçilib.