Ağsu rayonunda “Şuşa İli”nə həsr edilən silsilə tədbirlər keçirilib
Ağsu şəhərindəki Heydər Parkında açıq havada təşkil olunan tədbirdə öncə Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında Şuşanın tarixinə nəzər salıb. Qeyd edib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün əziz məkan, milli simvoldur. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsidir. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan və bu il 270 illiyi qeydə olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Daha sonra bildirib ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan 1992-ci il mayın 8-də bu mədəniyyət incisini işğal edib. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktlarına məruz qalıb. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” kəlamını xatırladan R.Bağırov bildirib ki, 44 günlük Vətən müharibəsində - 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi. Bu tarix Zəfər Günü kimi xalqımızın yaddaşına həkk olundu. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası yolunda nəhəng layihələr gerçəkləşdirilir.
Tədbirlər çərçivəsində parkda Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxana Sisteminin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdikləri sərgilər, idmançıların, uşaq musiqi məktəbi kollektivinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Rəngarəng konsert proqramı ilə rayon musiqiçilərinin ifalarında “Azərbaycan”, “Şuşanın dağları”, “Qarabağ” və digər mahnılar, həmçinin “Qarabağ” şikəstəsi səsləndirilib.
Tədbirdə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və qazilərə medallar təqdim edilib.