Ağsu rayonunda şəhidlərin xatirəsi anılıb
Ağsu şəhərindəki Şəhidlər Xiyabanı və Qəhrəmanlıq Kompleksində rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan 20 Yanvar faciəsinin 33-cu ildönümünü qeyd ediblər.
Rayon rəhbərliyi, ziyalılar, gənclər, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş ağsuluların uyuduğu Şəhidlər Xiyabanına gəlib, məzarların üstünə çiçəklər düzüb, xatirələrini ehtiramla yad ediblər. Sonra tədbir Qəhrəmanlıq Kompleksini ziyarətlə davam etdirilib. Saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərin hərəkəti dayandırılaraq nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Qeyd edək ki, 1990-cı il 20 Yanvar faciəsinin dağılmaqda olan sovet imperiyasının xalqımızın azadlıq uğrunda dinc mübarizəsinə qarşı yönəldilən bir qəsd olmuşdur. Həmin vaxt Bakıya yeridilən xüsusi hərbi hissələr ağır texnikadan istifadə edərək dinc, əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törədib, nəticədə yüzlərlə vətəndaş, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri qətlə yetirilib, yaralanıb. Azərbaycan Televiziyasının enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlandığı bir vaxtda xalqımızın qəhrəman oğlu, Ümummilli Lİider Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinmədən bəyanatla çıxış edib, hadisələrə hüquqi-siyasi qiymət verib.