Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda şəhid Quluzadə Kamran Pərviz oğlunun ad günü qeyd edilib

15 avqust 2022 | 10:24

     14 avqust 2022-ci il tarixdə Vətən müharibəsi şəhidi Quluzadə Kamran Pərviz oğlunun ad günü qeyd edilmişdir. Əvvəlcə şəhidin Ağsu rayonunun Gəgəli kəndindəki məzarı ziyarət olunmuşdur. Şəhidin ruhuna dualar oxunmuş, məzarı önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Ağsu rayon şöbəsinin nümayəndələri, Vətən mühüharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.

     Daha sonra şəhidin yaşadığı evdə təşkil olunmuş mərasimdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, son illərdə dövlət tərəfindən davamlı olaraq ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirilmişdir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış və torpaqlarımız işğal altından azad edilmişdir. 

     Vurğulanıb ki, bu Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

     Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Keçidlər