Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

03 sentyabr 2025 | 17:10

     03 sentyabr 2025-ci ildə Ağsu rayonunda fəaliyyət göstərən “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

     Tədbirdə  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Rühəngiz Heydərova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər. Konfransda professor Qafar Cəbiyevin həyat və elmi fəaliyyətini əks etdirən video-çarx nümayış etdirilib.

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov respublikada xüsusi hörmət qazanmış tanınmış alim, jurnalist, ictimai xadim Qafar Cəbiyevi 75 illik yubileyi münasibətilə təbrik eib və çıxışında bildirib ki, Qafar Cəbiyev həm məhsuldar tarixçi alim, həm də istedadlı qələm sahibi kimi Azərbaycan elminə və mətbuatına böyük töhfələr vermişdir. Onun xüsusilə arxeologiya sahəsindəki elmi araşdırmaların Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir. RİH başçısı qeyd edib ki, Qafar Cəbiyevin mətbuat, elm və ictimai sahədəki uğurlu, məhsuldar fəaliyyəti Respublika rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə O, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

     Digər çıxış edənlər Qafar Cəbiyevin bir pedaqoq kimi də gənc nəslin təlim-tərbiyəsində önəmli rol oynamasını, xüsusilə, dəfələrlə Milli Televiziya və Radio Şurasının tərkibində olmasının, peşəkar və yaradıcı şəxs kimi respublikada fəaliyyət göstərən milli və özəl televiziya və radio efirlərində milli-mənəvi dəyərlərin, milli tariximizin, ədəbi dilimizin aşınlanmasına öz dəyərli tövsiyələrini və təkliflərini verməsi barədə məlumat vermişlər, yubilyara öz təbriklərini ünvanlamışlar.

     Professor Qafar Cəbiyev çıxış edərək ona ünvanlanmış təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirib və çıxışında Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat verib. Sonda Qafar Cəbiyevə Azərbaycan Milli Elmlər Akademiyasının, Ağsu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

Keçidlər