Ağsu rayonunda Novruz Bayramı təntənəli şəkildə qeyd olunub
Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib.
Martın 17-də rayon rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, iştirakçıları və ictimaiyyət nümayəndələri Ağsu şəhərindəki bayramsayağı bəzədilən Bayraq Meydanına gəliblər. Bayraq Meydanında gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, adət-ənənələrin, geyimlərinin sərgiləri və nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb.
Bayramsayağı bəzədilən meydanda Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğu diqqətə çatdırılıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında Ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident cənab İlham Əliyevin böyük xidmətləri vurğulanıb.
Sonra bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb. Tədbirin sonunda ənənəvi Novruz tonqalı yandırılıb.