Ağsu rayonunda Novruz Bayramı şənliyi və bayram konserti təşkil olunub
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib. Martın 15-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonunun idarə, təşkilat və müəssisələrinin kollektivləri Ağsu şəhərindəki bayramsayağı bəzədilən Heydər Parkına gəliblər. İlk öncə iştirakçıları Novruzun ənənəvi simvolik personajları olan Dədə Qorqud və Bahar Qız qarşılayıb.
Heydər Parkında gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, adət-ənənələrin, geyimlərinin sərgiləri, kəndirbazların, rayon idmançılarının, nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb və ənənəvi Novruz tonqalı yandırılıb.
Bayramsayağı bəzədilən parkdakı açıq konsert səhnəsində çıxış edən RİH başçısı Rövşən Bağırov rayon sakinlərini və qonaqları Novruz Bayramı münasibətilə təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında Ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident cənab İlham Əliyevin böyük xidmətlərini vurğulayıb.
Sonra bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.