Ağsu rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil edilib
Xalqımızın ən əziz bayram olan Novruzun gəlişi Ağsu rayonunda təntənəli şəkildə qeyd edilib. Martın 18-də Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, idarə, təşkilat və müəssisələrinin kollektivləri Ağsu şəhərindəki bayramsayağı bəzədilən Heydər Parkına gəliblər.
Heydər Parkında gənc rəsm həvəskarlarının Novruzun gözəlliklərini əks etdirən tablolarının, xalqımızın milli musiqi alətlərinin, adət-ənənələrin, geyimlərinin sərgiləri, rayon idmançılarının, nağaraçıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb və ənənəvi Novruz tonqalı yandırılıb.
Sonra açıq konsert səhnəsində bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, Kosa və Keçəlin şən zarafatları, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.