Ağsu rayonunda Miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd edilib
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19-cu ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə Ağsu Regional Miqrasiya İdarəsində yığıncaq keçirilib.
Yığıncaqda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, miqrasiya idarəsinin əməkdaşları iştirak edib. Öncə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət olunub. Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə gül-çiçək dəstələri düzülüb.
Tədbir Regional Miqrasiya İdarəsinin iclas zalında davam edib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 19-cu ildönümü və peşə bayramı günü, həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə xidmətin əməkdaşlarını təbrik edib, uğurlar arzulayıb. 19 il ərzində Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Digər çıxış edənlər miqrasiya orqanları əməkdaşlarının ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların, həvalə edilmiş ümdə vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə ediblər. Daha sonra Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə Ağsu Regional Miqrasiya Xidmətinin bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.







