Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 may - Müstəqillik Günü - tariximizin şanlı səhifəsidir!” mövzusunda tədbir keçirilib

28 may 2025 | 12:04

     27 may 2025-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “28 may - Müstəqillik Günü - tariximizin şanlı səhifəsidir!” mövzusunda yığıncaq keçirilib

    Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

     Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Mədəniyyət evində təşkil olunan yığıncaqda Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

     Yığıncaqda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu bildirib. İcra başçısı qeyd edib ki, 1918-ci ildə dövlətimizin istiqlaliyyətinin elan olunması, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

     Rövşən Bağırov konfransdakı çıxışında bildirib ki, Sovet imperiyası dağıldıqdan sonra təkrar azadlığına qovuşan ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi yarananda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Ulu Öndərin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı.

     İcra başçısı qeyd etdi ki, bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində daha da gücləndirildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa edildi.

     Digər çıxış edənlər Azərbaycanın 1991-ci ildə yenidən qazandığı müstəqilliyin qorunub saxlanmasında, ölkəmizin daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışıblar.

     Qeyd olunub ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edilmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağı bu gün ölkəmizin bütün ərazisində dalğalanır.

     Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Keçidlər