Ağsu rayonunda Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış rayon Qərargahının ilk iclası keçirilib
15 iyul 2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə yaradılmış rayon Qərargahının ilk iclası keçirilib.
İclasda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon Qərargahının üzvləri, rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin yeni inkişaf mərhələsinə keçidini təmin etməyə xidmət edir. Qeyd etdi ki, Dövlət Proqramında aqrar sahədə dayanıqlı inkişafın təmin olunması, intensiv və rəqabətqabiliyyətli istehsal modelinin formalaşdırılması, dəyər zəncirlərinin inkişaf etdirilməsi, aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi əsas hədəflər kimi müəyyən olunmuşdur.
Rayon rəhbəri bildirdi ki, “Dövlət Proqramı”nın icrasının Ağsu rayonunda təmin edilməsi məqsədilə RİH başçısının müvafiq Sərəncamı ilə Qərargah yaradılmışdır. Vurğuladı ki, proqramın icrası çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsində yeni yaradılmış rayon Qərargahının üzərinə mühüm vəzifələr düşür.
Sonra çıxış edən Qərargah üzvləri bildiribər ki, qlobal ərzaq bazarlarında müşahidə olunan dəyişikliklər və təchizat zəncirlərində yaranan risklər daxili ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini strateji zərurətə çevirib. Bu baxımdan, aqrar sahədə məhsuldarlığın artırılması, yüksək əlavə dəyər yaradan emal sənayesinin inkişaf etdirilməsi, ixracyönümlü istehsalın təşviqi və fermerlərin müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin, çıxışlarda Ağsu rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən də bəhs olundu. Bildirildi ki, son illərdə rayonda əkinçilik və heyvandarlıq sahələrinin inkişafına xüsusi diqqət yetirildi, fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsi təşviq edildi, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr uğurla icra olunur.
Eyni zamanda vurğulandı ki, yeni Dövlət Proqramının uğurlu icrası aqrar sektorun davamlı inkişafına, regionların sosial-iqtisadi tərəqqisinə və ölkənin ərzaq təminatının daha da gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Sonda Qərargah üzvləri Ağsu rayonu üzrə Dövlət Proqramının icrası, aqrar sahənin inkişaf perspektivləri, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.







