Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib

12 iyun 2024 | 18:55

       Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi 12 iyun 2024-cü il tarixində Ağsu rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.

      Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Şimal-Qərb Regional Mərkəzin rəisi, polkovnik Ceyhun Babayev, Mərkəzin Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Sarvan Əsədov və rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin şəxsi heyyəti iştirak edib.

     Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

     Cəlb olunan şəxsi heyət qarşısında çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Şimal-Qərb Regional Mərkəzin rəisi, polkovnik Ceyhun Babayev bildiriblər ki, ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.

     Qeyd olunub ki, məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasından və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılmasından, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsindən, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarətdir.

Keçidlər