Ağsu rayonunda el sənətkarı Əli Kərimovun 150 illik yubileyi qeyd olunub
14 dekabr 2024-cü il tarixdə Ağsu şəhər Mədəniyyət evində xalq arasında Kalvalı Əli Dədə kimi tanınan, ustad sənətkar Əli Kərimovun 150 illik yubileyi qeyd olunub. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, respublikanın tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərimizin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Respublikamızın tanınmış folklorşünas alimlərinin, xanəndə və aşıqların iştirak etdikləri tədbiridə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Əli Kərimovun həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. RİH başçısı bildirmişdir ki, Əli Kərimov XIX yüzilliyin sonu, XX yüzilliyin birinci yarısı peşəkar xalq yaradıcılığının ən görkəmli nümayəndələri ilə bir sırada durur. O, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Seyid Şusinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, eləcə də Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Əhməd Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və sirdaşı olmuşdur.
Digər çıxış edənlər tərəfindən qeyd olunub ki, Əli Kərimov zurna, balaban, tütək kimi nəfəs alətlərində çox böyük sənətkarlıqla ifa etməklə bərabər, bu alətlərin imkanlarını texniki baxımdan genişləndirmişdir. Əli Kərimov həm də Azərbaycan dastanlarının bilicisi olmuşdur. Onun çoxlu şeirləri vardır. Ustad Əli Dədə Azərbaycan Aşıqlarının I və II qurultaylarının iştirakçısı olmuşdur. Böyük Vətən müharibəsi illərində “Rəşadətli əməyə görə” medalı və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Ustad sənətkar barədə geniş məlumat, son araşdırmaların nəticələri barədə ətraflı məlumatlar verilən tədbirdə respublikamızın tanınmış xanəndə və aşıqlarının, balabançılarının ifaları dinləyicilərdə xoş təəssürat yaradıb.