Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda ekoloji maarifləndirmə mövzusunda görüş keçirilib

21 oktyabr 2026 | 19:38

     Ağsu Rayon İcra Hakimiyyəti, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə RİH-nin akt zalında ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə mövzusunda görüş keçirilib.

      Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Samir Quliyev, regional idarənin və RİH-nin əməkdaşları, rayonun idarə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

      Görüş zamanı Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək ətraf mühitin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, eləcə də rayonda təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

       6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Samir Quliyev çıxışı zamanı ekoloji tarazlığın qorunmasında hər bir şəxsin məsuliyyətini vurğulayıb, ekoloji məsuliyyətin artırılması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işlərinin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, belə görüşlərin keçirilməsi ekoloji biliklərin artırılması və ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

      Tədbir qarşılıqlı diskusiya və müzakirə formatında davam etdirilib. Qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Keçidlər