Ağsu rayonunda Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib
Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə yığıncaq keçirilib.
Öncə tədbir iştirakçıları Ağsu şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yığıncağı Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.
RİH başçısı vurğulayıb ki, bu ilki peşə bayramı ərəfəsində RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Gülağa Əlisa oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərində və uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçuları Ağsu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.







