Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Aşıq Mirzə Bilalın 150 illik yubileyinə həsr olunan tədbir keçirilib

06 dekabr 2022 | 17:20

     Dekabrın 06-da Ağsu rayonunda Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Mirzə Bilalın anadan olmasının 150 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı iştirak ediblər.

     Tədbirin aparıcısı Ağsu rayon Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev uzun illər ötməsinə baxmayaraq ismi bu gün də dillər əzbəri, sevgisi milyonların qəlbində olan görkəmli saz-söz ustası Aşıq Mirzə Bilalın şərəfli ömür tarixçəsindən, sənət yolundan danışıb. Bildirilib ki, ustad aşıq 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.

     Məclisdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycanda əsrlər boyu süzülüb gələn aşıq sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı çıxışında Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Mirzə Bilalın xüsusi payı olduğunu vurğulayıb, ustad sənətkarın Azərbaycan aşıq sənətindəki xidmətlərindən danışıb.

     Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlının, Aşıq Rza Məmmədovun, Aşıq Şakirin nəvəsi, babasının davamçısı Babək Şakirlinin məclis boyu oxuduqları mahnılar hər kəsə xüsusi əhvali-ruhiyyə bəxş edib.

 

Keçidlər