Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib

08 noyabr 2022 | 00:34

     Ağsu rayonunda 8 Noyabr - Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub. Yığıncaqlarda rayon rəhbərliyi, şəhid ailələri, qazilər, gənclər, ictimayyət nümayəndələri iştirak ediblər. Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli və digər rəsmi şəxslər Heydər Parkında Ümummilli liderin abidəsini ziyarət ediblər.

     Sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək rayon şəhidlərinin məzarları önünə gül dəstələri qoymuşlar, şəhidlərin ruhuna dualar oxunmuşdur. Burada Birinci Qarabağ müharibəsində, habelə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların məzarlarını ziyarət ediblər. Şəhidlər Xiyabanına ziyarətə gələn, əyinlərində Azərbaycan əsgərinin forması olan və bu formadan qürurlanan məktəblilərin əsgər salamı, Vətənə, şəhidlərimizə həsr olunan şeirləri hər kəsdə böyük təəssürat yaradıb.

     Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri daha sonra Qəhramanlar Kompleksinə gəlmişlər, abidə önünə əklil qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad etmişlər.

     Yeni istifadəyə verilmiş Bayraq Meydanında keçirilən yığıncaqda tədbir iştirakçıları yerli musiqiçilərin ifasında rəngarəng proqramla ifa edilən konserti dinləyib, rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əks etdirən, rəngli boya ilə çəkilən rəsmlərinin sərgisinə, rayon idmançılarının nümunəvi çıxışlarına tamaşa ediblər.

     RİH başçısı Rövşən Bağırov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Vurğulayıb ki, qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər Gününü təntənə ilə qeyd edir. Azərbaycan xalqının öz Liderinin - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirib, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildiyi diqqətə çatdırılıb.

     Sonda Zəfər günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Keçidlər