Ağsu rayonunda 8 Mart - Qadınlar günü qeyd olunub
Martın 7-də Ağsu Rayon İcra Hakimiyyətində Qadınlar günü münasibətilə görüş keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, şəhid anaları, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar iştirak ediblər.
Tədbirdə çıxış edən RİH başçısı Rövşən Bağırov bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdi, onlara xoşbəxtlik və səadət arzuladı. O, öz çıxışında vurğuladı ki, qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci Vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
RİH başçısı xüsusilə qeyd etdi ki, bu il də Azərbaycan qadını Qadınlar gününü daha qürurlu qeyd edir. Çünki, onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandılar və torpaqlarımızın 30 illik düşmən işğalına son qoydular.
Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müdrikliyi, işgüzarlığı və saflığı ilə parlaq səhifələr yazdıqlarından bəhs etdilər. Mərasim iştirakçıları ölkəmizdə qadınlara, analara göstərdikləri yüksək diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar RİH-nin Fəxri Fərmanı ilə təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.