Ağsu rayonunda 8 mart - Qadınlar günü ilə əlaqədar şəhid anaları ilə görüşlər keçirilib
Ağsu rayonunda 8 mart - Qadınlar günü ilə bağlı şəhid anaları ilə yaşadıqları ünvanlarda görüşlər keçirilib. Görüşlərdə Ağsu RİH başçısının birinci müavini Füzuli Kərimli, RİH-nin məsul vəzifəli şəxsləri iştirak ediblər.
Görüşlər zamanı RİH başçısının birinci müavini Füzuli Kərimli, eləcə də RİH-nin məsul vəzifəli şəxsləri bu əlamətdar gün münasibəti ilə şəhid analarını təbrik edib, onlara xoşbəxtlik və səadət arzulayıblar. Vurğulanıb ki, qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Görüşlərdə bildirilib ki, indi hər il şəhid anaları 8 mart - Qadınlar gününü daha qürurlu qeyd edirlər. Çünki, onların Vətən üçün sağlam ruhda böyüdüb, boya-başa çatdırdığı övladları Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik düşmən işğalına son qoydular.
8 mart - Qadınlar günü ilə bağlı şəhid analarına RİH-nin hədiyyələri verilib. Şəhid anaları ölkəmizdə qadınlara göstərdikləri yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.